Qısa cavab: prosedurun özü çox vaxt xəstələrin gözlədiyindən asan keçir. Qorxunun böyük hissəsi məlumatsızlıqdan yaranır — adam nə olacağını bilmir, ona görə də ən pisini təsəvvür edir.

Gəlin addım-addım baxaq.

Angioqrafiya nədir?

Ürəyi qidalandıran damarların — koronar arteriyaların — daxildən görüntülənməsi. Nazik boru (kateter) bilək və ya qasıq nahiyəsindəki arteriyadan daxil edilir, ürəyin damarlarına çatdırılır və oradan kontrast maddə verilir. Rentgen görüntüsündə damarların içi aydın görünür: harada daralma var, nə dərəcədə ciddidir, damarın ondan sonrakı hissəsi necədir.

Bu, təsəvvür deyil, birbaşa görüntüdür. Başqa heç bir müayinə koronar damarın daxilini bu dəqiqliklə göstərmir.

Ağrılı olurmu?

Kateterin daxil olduğu yer yerli anesteziya ilə keyidilir — burada bir neçə saniyəlik sancı hiss olunur, iynə vurulan kimi. Ondan sonrası ağrısızdır. Damarların içində sinir ucları yoxdur, ona görə də kateterin hərəkəti hiss olunmur.

Kontrast maddə veriləndə bədəndə qısa müddətli istilik hissi yarana bilər. Bu normaldır və bir neçə saniyə sonra keçir.

Xəstə prosedur boyu oyaq olur. Bu, çoxlarını təəccübləndirir, amma faydalıdır: lazım gələndə dərin nəfəs almağı və ya nəfəsi saxlamağı xahiş edirik, xəstə də özünü necə hiss etdiyini deyə bilir.

Nə qədər çəkir?

Yalnız diaqnostik angioqrafiya adətən 20–30 dəqiqə çəkir. Prosedur zamanı ciddi daralma aşkarlanıb eyni seansda stent qoyulursa, müddət uzanır. Mürəkkəb hallarda — məsələn, damar çox kalsifikləşibsə — bu müddət bir neçə saata çata bilər.

Bilekdən, yoxsa qasıqdan?

Bu gün əksər hallarda bilek arteriyası (radial yol) üstünlük təşkil edir. Səbəbi sadədir: qanaxma riski daha azdır və xəstə prosedurdan sonra qat-qat tez ayağa qalxır.

Qasıq yolu isə damar anatomiyası və ya prosedurun texniki tələbləri buna imkan vermədikdə seçilir. Hansı yolun seçiləcəyi əvvəlcədən müzakirə olunur.

Hazırlıq necə olur?

Konkret göstərişlər həkim tərəfindən verilir, amma ümumi qaydalar bunlardır: prosedurdan əvvəl müəyyən müddət ac qalmaq tələb oluna bilər; qan durulaşdırıcı və şəkər dərmanlarının rejimi əvvəlcədən dəqiqləşdirilir; böyrək funksiyası və qan analizləri yoxlanılır; kontrast maddəyə və ya dərmanlara allergiya varsa mütləq bildirilməlidir.

Özbaşına heç bir dərmanı dayandırmayın. Hansının kəsiləcəyini yalnız həkim deyir.

Prosedurdan sonra

Kateterin daxil olduğu yerə təzyiq bandajı qoyulur. Bilek yolu seçilibsə, bir neçə saat sonra ayağa qalxmaq mümkün olur; qasıq yolunda bu müddət daha uzundur.

Kontrast maddənin bədəndən çıxması üçün su içmək tövsiyə olunur — göstəriş əksinə deyilsə.

Prosedur yerində kiçik göyərmə normaldır. Amma şişkinlik böyüyürsə, ağrı artırsa və ya qanaxma olarsa, gözləmək lazım deyil — həkimə müraciət edin.

Bəs risk yoxdur?

Var, hər tibbi müdaxilədə olduğu kimi. Kateterin daxil olduğu yerdə qanaxma və ya göyərmə, kontrast maddəyə allergik reaksiya, böyrək funksiyasına yük — bunlar mümkün ağırlaşmalardır. Ciddi ağırlaşmalar isə nadirdir.

Ona görə də angioqrafiya “hər ehtimala qarşı” təyin olunmur. Ondan əvvəl şikayət, EKQ, exokardioqrafiya və çox vaxt yüklənmə testi qiymətləndirilir. Angioqrafiya konkret göstəriş yarananda gündəmə gəlir — yəni əldə olunacaq məlumat riskə dəyəndə.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə