Xeyr. Sinə ağrısı ilə müraciət edən xəstələrin əhəmiyyətli bir hissəsində səbəb ürək olmur.

Amma bu cümləni yanlış oxumaq təhlükəlidir. “Çox vaxt ürəkdən deyil” fikri “deməli gözləmək olar” demək deyil. Aşağıdakı bölmə məhz bunu ayırd etmək üçündür.

Əvvəlcə: nə vaxt gözləmək OLMAZ

Bu əlamətlərdə dərhal 103-ə zəng edin:

  • 15–20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən sinə ağrısı və ya sıxılma
  • Ağrının çiynə, sol qola, çənəyə, kürəyə yayılması
  • Ağrı ilə birlikdə soyuq tər, ürəkbulanma, güclü zəiflik
  • Kəskin başlayan güclü təngnəfəslik
  • Huşitirmə

Bu siyahıda “gözləyib baxaq” variantı yoxdur. Yanlış həyəcan olsa belə, gecikməkdən yaxşıdır.

Ürək mənşəli ağrının tipik xarakteri

Klassik olaraq belə təsvir olunur: sinənin ortasında sıxılma, təzyiq, ağırlıq hissi — bıçaq kimi kəskin deyil, daha çox “üstünə ağır bir şey qoyublar” hissi.

Ən mühüm ipucu nə ilə yaranıb nə ilə keçdiyidir. Fiziki yüklə (yerimək, pilləkən qalxmaq, ağırlıq qaldırmaq), soyuqda çıxmaqla və ya güclü həyəcanla başlayırsa, dincələndə bir neçə dəqiqəyə keçirsə — bu, ürək mənşəli olma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Bəzən ağrı deyil, ekvivalenti olur: yalnız təngnəfəslik, yalnız qeyri-adi yorğunluq, yalnız çənədə və ya qolda narahatlıq. Bu, xüsusən qadınlarda, yaşlılarda və şəkərli diabeti olanlarda rast gəlinir.

Ürəkdən olmayan sinə ağrısının başlıca səbəbləri

Əzələ və qabırğa mənşəli. Barmaqla basdıqda ağrı artırsa, bədəni çevirməklə və ya dərin nəfəslə dəyişirsə, çox vaxt bu qrupdandır.

Mədə mənşəli. Reflü sinədə yanma verir, tez-tez yeməkdən sonra və ya uzananda güclənir, ağızda turş dad ola bilər.

Ağciyər mənşəli. Nəfəs almaqla kəskinləşən, öskürək və ya qızdırma ilə müşayiət olunan ağrı.

Narahatlıq və panik hücumu. Real və çox ağır hiss olunan bir vəziyyətdir. Adətən sürətli nəfəs, barmaqlarda keyimə, güclü qorxu hissi ilə birlikdə gəlir. Amma diqqət: bu diaqnoz ürək səbəbləri istisna edildikdən sonra qoyulur, əvvəl yox.

Kimdə şübhə həddi aşağı olmalıdır

Bəzi adamlarda “yəqin əzələdəndir” deyib gözləmək daha risklidir:

50 yaşdan yuxarı olanlar. Şəkərli diabeti olanlar. Siqaret çəkənlər. Yüksək təzyiqi və ya yüksək xolesterini olanlar. Ailəsində erkən yaşda infarkt olanlar. Əvvəl infarkt keçirmiş, stent qoyulmuş və ya bypass olunmuşlar.

Bu qrupda yeni yaranan sinə şikayəti müayinəsiz buraxılmamalıdır.

Həkim nəyə görə qərar verir

Diaqnozun böyük hissəsi söhbətdən çıxır: ağrı nə vaxt başlayır, nə qədər çəkir, nə ilə keçir, nəyə görə güclənir.

Ondan sonra EKQ, lazım olanda exokardioqrafiya və qan analizləri gəlir. Şikayət fiziki yüklə bağlıdırsa, yüklənmə testi məlumat verir. Bu mərhələlərdən sonra göstəriş yaranarsa, koronar angioqrafiya müzakirə olunur.

Diqqət ediləsi bir məqam: normal EKQ ürək xəstəliyini istisna etmir. Ağrı olmayan anda çəkilmiş EKQ tamamilə təmiz ola bilər. Ona görə də şikayət davam edirsə, bir EKQ ilə kifayətlənilmir.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə