Qadınlarda ürək xəstəliyi niyə gec aşkarlanır? — video

Bu yazı eyni mövzuda hazırladığım videoya əsaslanır.

İki səbəb var və hər ikisi ciddidir. Birincisi — əlamətlərin özü fərqli olur. İkincisi — bəzən əlamətlər eşidilir, amma düzgün qiymətləndirilmir.

Bu yazı xəstəliyin niyə gec aşkarlandığı haqqındadır. Kəskin infarkt əlamətləri və nə vaxt təcili yardım çağırmaq lazım olduğu ayrıca yazıdadır: [Qadınlarda infarkt əlamətləri →] /bloq/qadinlarda-infarkt/

“Nevroz” problemi

Bu, açıq danışılmalı bir məsələdir. Qadın xəstələr sinə narahatlığı, yorğunluq və təngnəfəslik şikayəti ilə müraciət edəndə bu şikayətlər bəzən əsəb və ya narahatlıq hesabına yazılır.

Bəzən doğrudan da elə olur. Amma bu nəticə ürək səbəbləri araşdırıldıqdan sonra çıxarılmalıdır, əvvəl yox. Sıralamanın tərsinə çevrilməsi vaxt itkisinə səbəb olur.

Əlamətlər tipik olmaya bilər

Qadınlarda ürək xəstəliyi çox vaxt klassik təsvirə uyğun gəlmir. Sinədə güclü sıxılma əvəzinə bunlar ön plana çıxa bilir:

  • İzahsız yorğunluq
  • Bel və kürəyin yuxarı hissəsində ağrı
  • Fiziki yüklə yaranan təngnəfəslik
  • Çənədə və ya boyunda narahatlıq
  • Ürəkbulanma, “mədə pozulması” hissi

Bir nümunə: 65 yaşlı xəstə yalnız bir şikayətlə müraciət etmişdi — pilləkən qalxarkən nəfəsinin çatmaması. Sinə ağrısı yox idi. Müayinələr aparıldı, göstəriş yarandı, angioqrafiya edildi. Damarlardan birində 99% darlıq aşkarlandı.

Yəni şikayət “kiçik” görünsə də, arxasında ciddi bir vəziyyət dayana bilir.

Sindrom X: angioqrafiya təmizdir, amma ağrı realdır

Bu, qadınlarda daha çox rast gəlinən və çox vaxt yanlış anlaşılan vəziyyətdir.

Xəstə tipik ürək ağrısından şikayət edir. Müayinələr göstəriş yaradır. Angioqrafiya olunur — və böyük damarlarda ciddi darlıq görünmür.

Bu nöqtədə tez-tez baş verən səhv budur: “deməli ürəyinizdə bir şey yoxdur, sakitləşin”.

Halbuki problem ola bilər — sadəcə angioqrafiyanın gördüyü yerdə deyil. Ürəyin qan təchizatı böyük damarlarla bitmir; onlardan sonra çox nazik damarlar şəbəkəsi gəlir. Angioqrafiya bu mikrovaskulyar səviyyəni göstərmir.

Sindrom X məhz budur: böyük damarlar açıqdır, problem isə mikrovaskulyar səviyyədədir.

Bu nə deməkdir?

Üç praktik nəticə:

Birincisi, təmiz angioqrafiya “heç nə yoxdur” demək deyil. Şikayət davam edirsə, araşdırma davam etməlidir.

İkincisi, bu vəziyyət real və müalicə olunan bir vəziyyətdir. Xəstəyə “sizin heç bir şeyiniz yoxdur” demək nə düzgündür, nə də faydalı.

Üçüncüsü, risk faktorlarının nəzarəti burada da vacibdir — təzyiq, xolesterin, şəkər, siqaret.

Qadınların ayrıca nəzərə almalı olduğu amillər

Hamiləlik dövrü. Preeklampsiya, gestasion diabet və ya hamiləlikdə yüksək təzyiq yaşamısınızsa, bunu ömürlük bir qeyd kimi saxlayın və hər kardioloji müayinədə deyin.

Menopauza. Estrogenin qoruyucu təsiri bu dövrdə itir və risk artmağa başlayır.

Autoimmun xəstəliklər. Ürək-damar riskini artırır.

Onkoloji müalicədən sonra. Bəzi preparatlar və radioterapiya ürəyə təsir edə bilər.

Nə etməli

Şikayətinizi kiçiltməyin. “Yəqin yorğunluqdandır” cümləsini həkim deməlidir, siz yox.

Şikayətinizi dəqiq təsvir edin: nə vaxt yaranır, nə ilə keçir, nə qədər davam edir. Bu detallar diaqnozun yarısıdır.

Bir müayinə cavab vermirsə, sual bitmir. Şikayət davam edirsə, araşdırmanın davam etməsini istəyin.

Tez-tez verilən suallar

Bu yazı ümumi məlumatlandırma məqsədi daşıyır və həkim müayinəsini, fərdi diaqnozu və təyin olunmuş müalicəni əvəz etmir. Burada oxuduqlarınıza əsaslanaraq dərmanınızı dayandırmayın və ya dozasını dəyişməyin.

Qəbul və əlaqə